Füzuli rayon sakini Abbasov Sehran Baloğlan oğlunun Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarına etdiyi müraciətini olduğu kimi dərc edirik .
Hörmətli cənab Prezident,
Sizin rəhbərliyiniz altında ölkə vətəndaşlarının, o cümlədən sosial qayğıya daha çox ehtiyacı olan qaçqın və məcburi köçkün soydaşlarımızın rifahının davamlı şəkildə yaxşılaşdırılması istiqamətində atılan addımlar, görülən işlər, Sizin bu sahəyə gündəlik diqqət və qayğınızı özündə əks etdirir. Bu işlərdə Sizə dəstək olaraq, ölkənin Birinci vitse-prezidenti Mehriban xanım Əliyevada yaxından iştirak etməklə bu təbəqədən olan soydaşlarımızın sosial problemlərinin həllini fəaliyyətinin əsas istiqamətlərindən biri kimi bəyan edərək bu sahəyə xüsusi diqqət və qayğı ilə yanaşır .
Cənab Prezident ,
Sizə məlum edirəm ki, iyirmi yeddi ildir ki, İmişli şəhərində məskunlaşaraq məcburi köçkün şəraitində yaşayırıq.
Ailəmiz dörd nəfərdən ibarətdir. Mən, həyat yoldaşım və himayəmdə iki qız övladım var. Bu müddət ərizində məcburi köçkünlər üçün ayrılmış müavinətdən yararlanmışıq. Lakin son iki ildir ki, məcburi köçkünlər üçün ayrılmış dövlət müavinətindən məhrum edilmişəm. Aidiyyatı təşkilatlara bu barədə müraciət etdikdə, səbəb olaraq mənim adıma mənzil olduğunu bildirdilər. Lakin mən məsələ ilə əlaqədar Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət komitəsinə təqdim etmək üçün , Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlak Dövlət Reyestri Xidmətinə arayış üçün müraciət etdim. Müraciətim əsasında mənə 6-saylı ərazi idarəsindən arayış təqdim etdilər.
Aldığım arayışdada qeyd edildiyi kimi, adımda sözü gedən mənzil barədə ümumiyyətlə heç bir məlumat qeyd edilməmişdir. Aldığım arayışı dəfələrlə Azərbaycan Respublikası Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət komitəsinə , eyni zamanda komitənin İmişli rayon ərazi idarəsinin rəhbərliyinə təqdim edərək məcburi köçkünlər üçün ayrılmış dövlət müavinətimin bərpa olunmasını tələb etdim. Lakin etdiyim müraciətlərim cavabsız qaldı. Mənim bildiyim qədər etdiyim müraciətlərin cavabsiz qalmağının səbəbini aidiyyatı təşkilatların işə səriştəsiz və laqeyit yanaşmasında görürəm.
Cənab Prezident, yuxarıda qeyd edilənləri nəzərə alaraq ailəmizə səbəbsiz və əsassız edilən haqsızlığın aradan qaldırılması və məcburi köçkünlər üçün ayrılmış dövlət müavinətimizin bərpa olunması barədə göstəriş verməyinizi Sizdən ailəmiz adından xahiş edirik.
Əvvəlcədən təşəkkür edirik.