İbrahim Məmmədov, Tarix üzrə fəlsəfə doktoru “Biz dünya miqyasında çox böyük layları tərpətdik”
Prezident İlham Əliyev
Geosiyasi inqilab və əksinqilab
44 günlük müharibənin və paralel aparılmış diplomatik savaşın təkan verdiyi “geosiyasi inqilab”ın nəticələri:
- Anti-Azərbaycan, anti-türk geosiyasi səddi dağıdıldı;
- Anti-Azərbaycan ittifaqlar məğlub olaraq pozuldu;
- Azərbaycan Cənubi Qafqazda iqtisadi güc faktorundan aparıcı geosiyasi güc faktoruna çevrildi;
- Cənubi Qafqaz “qlobal yolayrıcı” statusunu gücləndirmək üçün potensialını artırdı;
- Türk dəhlizinin qarşısındakı ən böyük maneə aradan qaldırıldı;
- Türkiyə-Cənubi Qafqaz-Mərkəzi Asiyanın iştirakı ilə yeni geosiyasi güc mərkəzinin yaranması üçün şərtlər formalaşdı;
- Azərbaycan Avrasiyaya nəzarət üçün açar ölkələrdən birinə, aparıcı söz sahibinə çevrildi.
“Geosiyasi əksinqilab koalisiyası”nın müqaviməti
Təbii dir ki, “dünya miqyasında çox böyük layları tərpətmiş” “geosiyasi inqilab” varsa, “əks-inqilab” da mütləq olmalıdır. Əks təqdirdə, bu inqilab olmazdı. Fransanın liderlik etdiyi anti-Azərbaycan siyasi xətt məhz “geosiyasi əks-inqilabın müqavimət hərəkatıdır”. Bu, neokolonializm və faşizmin, islamafobiya və türkefobiya ittifaqının “parçala və hökm sür” siyasəti ilə xalqları toqquşdurub qan gölündə boğmaqla maraqlarını reallaşdırmaq planlarıdır. “Geosiyasi əks-inqilab” Ermənistanı öz forpostlarına çevirməklə Azərbaycan xalqını, Cənubi Qafqaz regionunu yenidən geosiyasi fəlakətlər dövrünə qaytarmaq niyyətindədir. Sadəcə başqa bayraq altında.
“Geosiyasi əksinqilab koalisiyası”nın strateji hədəfləri isə standart neokolonializm məqsədləridir - 44 günlük savaşın geosiyasi qənimətlərini bizim əlimzidən almaq:
- Anti-Azərbaycan və anti-türk geosiyasi səddini Ermənistanın iştirakı ilə yeni formatda bərpa etmək;
- Avrasiyaya nəzarət üçün Cənubi Qafqaza nəzarəti ələ almaq;
- Cənubi Qafqaza nəzarəti ələ almaq üçün Azərbaycana nəzarət etmək;
- Cənubi Qafqazda hərbi və siyasi qüvvələr nisbətini Azərbaycanın əleyhinə dəyişmək;
- Azərbaycanın beynəlxalq mövqeyini zəiflətmək;
- Azərbaycanda hakimiyyəti zəiflətmək.
Artıq biz “əksinqilabi koalisiya”nın bu hədəflərə doğru hərəkətin əlamətlərini görürük. Ancaq, biz koalisiyanın bütün müstəvilərdə necə uğursuz olduğunu də müşahidə edirik. Səbəb həm çox sadə, həm də çox qürurvericidir: Azərbaycanın geosiyasi inqilabının hədəfləri ədalətlidir, müasirdir, həm Cənubi Qafqaz, həm də bütün Avrasiya üçün iqtisadi dividendlər və inkişaf vəd edir. Yeni düzənin gücü hər kəsin xeyrinə və ədalətli olmasındadır!
Bəs Azərbaycan Prezidenti İlham Əliyevin ideoloqu olduğu geosiyasi inqilabın hədəfləri nədir?
1. Azərbaycan: “Geosiyasi inqilab”ın hərəkətverici qüvvəsi
2020-ci ilin sentyabrın 27-dən noyabrın 08-dək hərbi və siyasi gərginliyin ən yüksək səviyyədə, qırmızı xətdə olduğu, 2022-ci il sentyabrın 12-dən 13-ə keçən gecə Ermənistanın hərbi təxribatına Azərbaycanın reaksiya verdiyi, 2023-cü il aprelin 23-də Azərbaycanın Dövlət sərhəd xidməti Laçında, Həkəri çayı üzərində sərhəd buraxılış məntəqəsi quraraq gediş-gəlişə nəzarəti və deməli, həm də öz əraziləri üzərində milli suverenliyini bərpa etdiyi günlər, nəhayət, 2023-cü il 19-20 sentyabr əməliyyatı və onların hərbi və siyasi nəticələri 1990-cı illəri xatırlamağa və müqayisəyə vadar edir: Şuşanın, Laçının, Kəlbəcərin işğalı, Xocalı soyqırımı və başqaları...
Biz 30 il ərazilərimizin işğalı ilə bağlı beynəlxalq təşkilatlara, ayrı-ayrı dövlətlərə müraciət etdik. Nəticədə, ABŞ Konqresi tərəfindən ərazisi işğal olunmuş Azərbaycana qarşı sanksiya nəzərdə tutan Azadlıq Aktına 907-ci düzəlişi “qazandıq” və onillərlə onun ləğvinə çalışdıq.
Amma, indi Ermənistanın gah ərazi bütövlüyü, gah “etnik təmizləmə” və s. və i.a. uydurmalarla bağlı dünyaya müraciətlərinə verilən reaksiyalar coğrafiyanın hansı siyasi transformasiyaya uğradığının parlaq nümayişidir.
Coğrafiya gözümüzün qarşısında dəyişir, yeni təhlükəsizlik arxitekturası addım-addım formalaşır. Artıq bu, əvvəlki 30 ildə olduğu kimi Azərbaycanı didən, işğalçıya xidmət edən, zəif Ermənistanı “regional güc”ə çevirmiş coğrafiya deyil, Azərbaycanın Coğrafiyasıdır! Son 3 ildə Cənubi Qafqazda nəinki Xəzər-Qara dəniz hövzəsinə, bütövlükdə Avrasiyaya əhəmiyyətli təsiri olan “Geosiyasi inqilab” baş verir. “Geosiyasi inqilab”, bütün inqilablarda olduğu kimi əvvəlki onilliklərdə baş vermiş “Geoiqtisadi-geoinfrastruktur inqilab”ın (“Əsrin müqaviləsi”, BTC, BTƏ, BTQ, nəqliyyat dəhlizləri və s.) siyasi-hərbi nəticəsi olaraq meydana çıxıb.
Həm “Geoiqtisadi-infrastruktur”, həm də “Geosiyasi inqilab”ın hərəkətverici qüvvəsi isə Azərbaycandır!
İtaliya səfəri zamanı Prezident İlham Əliyev mürəkkəb coğrafi mühitdə yürüdülən siyasətə dair suala verdiyi cavabla əslində böyük siyasətin ən çox yaradıcılıq və müdriklik tələb edən sorğusuna aydınlıq gətirdi. Azərbaycan Prezidentinin bu suala cavabı təkcə bizim üçün deyil, ümumiyyətlə siyasi tarix və diplomatiya, beynəlxalq münasibətlər tarixi üçün əhəmiyyət kəsb edir.
Azərbaycanın 30 illik mürəkkəb coğrafi-siyasi ziddiyyətləri necə həll etməsi, coğrafi yerləşməni dəyişmək mümkün olmadığı halda coğrafiyanın təyinatını dəyişməyi bacarması, coğrafiyanı “tələ”dən “siyasi və iqtisadi fürsətə” çevirməsi təcrübəsi nəzəri cəhətdən də ümumiləşdirilməlidir. Bunun nəzəri araşdırılmasına tarix elminin və gələcək nəsillərin ehtiyacı var.
“Coğrafiyanın tələsi”ndən çıxmaq çox böyük səbr və müdriklik tələb edirmiş. Tarix və bugünkü proseslər də göstərir ki, bu hər kəsə nəsib olmur. Mürəkkəblik həm də ondadır ki, coğrafi reallıqlar, geosiyasi tələblər fərqli olduğu üçün hansı zaman kəsiyində və geosiyasi reallıqda təhlükəsizliyi necə təmin etmək və coğrafi reallığı öz xeyrinə necə dəyişməyin bütün regionlar və bütün zamanlar üçün hazır reseptləri yoxdur.
Coğrafiyanın iqtisadi, siyasi diaqnozunu müəyyənləşdirib onun transformasiyasını həyata keçirmək siyasi yaradıcılıq və geosiyasi mühəndislik məsələsidir. Bəzən coğrafiyanın siyasi və iqtisadi reallıqlarının dəqiq hesablanmaması nəticəsində ölkələrin bu tələyə düşüb ikiyə və daha çox hissələrə bölünməsi bizə çox tanışdır. Polşanın simasında “coğrafiyanın siyasi tələsinə” düşərək, tarixən, hətta 7 dəfə bölüşdürülmüş xalq nümunəsi də var. Həm də Polşa belə kədərli tarix yükünü daşımış tək ölkə deyil. Hamıya məlum olan tarixi nümunələri xeyli sadalamaq da olardı.
Bununla belə Azərbaycanın 30 illik təcrübəsi ən mürəkkəb qapalı regionlarda coğrafi taleyi dəyişməklə tarixin gedişatını dəyişmək və mürəkkəb situasiyadan hərbi Zəfər və iqtisadi qazancla çıxmaq nümunəsi kimi öyrənilməsi vacibdir.
2. Mürəkkəb regionlar üçün siyasət formulası: Beynəlxlaq hüquq, ədalət, və müdriklik. Həm müstəqil olmaq, həm də əməkdaşlıq sahələrini tapmaq
Yuxarıda xatırlatdığımız müsahibədə Prezident İ.Əliyev aparıcının “Rusiya ilə tarixi əlaqələrə malik bir regionda olmaq nə dərəcədə çətindir? Mən anlamağa çalışıram ki, Sizin ölkənizin siyasəti hansı yöndədir. Bilirsiniz ki, bu, çox çətindir” sualına cavabı 28 il ərzində aparılmış siyasətin indiki mərhələdə ən qısa formada nəzəri ümumiləşdirilməsi hesab oluna bilər: “Bu, çətin görünə bilər. Lakin bu, bizim tariximizdir, bizim coğrafiyamızdır və biz bu coğrafiyada hər zaman yaşamışıq. Nə biz, nə də qonşularımız bu coğrafiyanı dəyişə bilməz. Düşünürəm ki, ölkəmizin uğuru siyasi inkişafda, müstəqilliyin gücləndirilməsindədir.
...Eyni zamanda, bizim ölkəmizdən çox böyük olan qonşularla da münasibətləri saxlayaraq öz milli kimliyimizi, müstəqilliyimizi və müstəqil siyasi mövqeyimizi qorumaq da mümkündür. Qonşularımızla münasibətlərə gəldikdə isə deyə bilərəm ki, biz hər zaman əməkdaşlıq sahələrini tapmağa çalışırıq. Problemli sahələri və yaxud da fərqli mövqelərimiz olan məsələləri hər zaman ifadə etmişik.
...Bizim hər zaman öz siyasətimiz olub, hansı ki, beynəlxalq hüquq, ədalət, beynəlxalq təşkilatların qərarları və sənədləri, həmçinin müdriklik üzərində formalaşıb”. Prezidentin sözlərindən çıxan nəticə odur ki, coğrafiyanı tərk etmək mümkünsüz olsa da, ilk növbədə daxili gücü formalaşdırmaq, müstəqilliyin daxili siyasi və iqtisadi bazasını gücləndirmək zəruridir. İkinci nəticə odur ki, Azərbaycan hər bir qonşu ilə əməkdaşlığa həmişə nəinki, hazır olub, eyni zamanda əməkdaşlıq sahələri tapmağa çalışıb. Üçüncüsü, Azərbaycanın davranışı həmişə beynəlxlaq hüquqa əsaslanıb və nəhayət, dödüncüsü Azərbaycan müdrik siyasət yürüdüb.
3.Coğrafiya - lənətlənmiş tale, yoxsa... Daxili güc birincidir
Müdrik siyasət olmayanda Çoğrafiya təbiətin və siyasi xəritənin xalqa və dövlətə diqtə etdiyi Taleyidir! 34 illik müstəqillik uğrunda mübarizə və müstəqillik tariximiz göstərdi ki, daxili siyasətimiz və bundan doğan birliyimiz zəiflədiyi mərhələlərdə biz Coğrafiyanın siyasi təsirinə daha çox məruz qalırıq. Daxili siyasət, siyasi birlik zəifləyəndə Coğrafiya bizim əleyhimizə güclənir. Səbəb çox sadədir: Coğrafiya Müdrik siyasətin əlində alət, zəif siyasətin isə ciddi problemidir.
Nadir şah Əfşarın xaincəsinə qətlindən sonra siyasi pərakəndəlik dövrünün yenidən başlanması, xanlıqların yaranması nəticəsində Azərbaycanın birliyi və daxili siyasəti zəiflədi. Əksinə, başqalarının daxili siyasəti və birliyi gücləndi. Elə o vaxtdan başlayaraq Coğrafiya bizim həyati təhlükə mənbəyimizə çevrildi. Qonşuda süni Ermənistan dövləti yaradıldı və düz 2020-ci ilin payızına qədər bütün mərhələlərdə başımızın üstündən qılınc kimi asıldı.
1993-cü ildən başlanmış daxili siyasətin sabitləşdirilməsi, iqtisadiyyatın doğru tənzimlənməsi, doğru xarici siyasət, ordu quruculuğu və sadalamağa ehtiyacın olmadığı başqa milli dirçəliş faktorlarının bir araya gətirilməsi nəticəsində 44 günlük müharibə Coğrafiyadan doğan 1 nömrəli təhlükəni minimuma endirdi. Bu, Coğrafi taleyi dəyişməyə daxili siyasətdən başlamağın parlaq nümunəsidir! Bu, Siyasi Fəhmin və Ağılın Siyasi Coğrafiyadan güclü olmasına dair mühüm əqli nəticədir!
Bu da faktdır ki, Coğrafiyanın 1 nömrəli təhlükəsinin minimallaşdırılması onun tam ləğvi mənasına gəlmir. Təhlükə faktorlarının bəziləri minimallaşır, bəziləri nisbətən zəifləyir, amma heç vaxt yox olmur. Necə ki, Coğrafi faktor yox olmur! Biz daxildə siyasi və iqtisadi gücümüzü səfərbər etdikdə, daxili gücü beynəlxlaq müstəviyə uğurla transfer etdiyimizdə Coğrafiya bizə xidmət edən alətə çevrilir, daxili zəifliyimiz isə əksinə, bizi Coğrafiyanın cazibədar qurbanı edir. Coğrafiya ağıllı siyasətin və ondan doğan gücün xidmətçisi, pis siyasətin isə qənimidir.
Hər şey daxili gücün səfərbərliyindən başladı! Prezident İlham Əliyev daxili siyasi, iqtisadi, hərbi gücü səfər edib doğru siyasət nəticəsində 200 illik Coğrafi Taleyi dəyişməyin əsasını qoydu. Daxili güc beynəlxalq ittifaqlara, müttəfiqlərin sayının artırılmasına, rəqiblərin neytrallaşdırılmasına, bir sözlə, beynəlxalq gücə transfer oldu. Nəhayət, 44 günlük savaş və Azərbaycan Coğrafiyanın mütləq tabeliyindən, şərtləri diqtəsindən azad olaraq ona hakim olma yolunda növbəti, ən ağır mərhələni uğurla keçdi. Ən böyük təhdidlərə münasibətdə coğrafi şərtlər xeyli dəyişdi və yaxşılaşdı.
Azərbaycan 28 il ərzində addım-addım yerləşdiyi coğrafiyanın təyinatını dəyişə bildi.
Bəs Azərbaycan coğrafiyanı öz xeyrinə necə dəyişdi, hansı addımları atdı və atmaqda davam edir?
4. Xaos bölgəsində sabitlik adası
Azərbycan 1988-1994-cü illərdə SSRİ-nin dağılmasının nəticəsi olan bir geosiyasi və daxili siyasi xaos burulğanına düşmüşdü.
Gürcüstan siyasi böhranlar və vətəndaş müharibəsi girdabına yuvarlanmışdı. Ermənistanın təcavüzünə qarşı savaş və M.Qorbaçevin və B.Yeltsinin tətbiq etdiyi təzyiqlər Azərbaycanı iqtisadi böhranın ən dərin qatlarına endirmişdi. Şimali Qafqazda müharibə ocaqlarının alovlanması, Orta Asiya ölkələri ilə münasibətlərin sıfır həddinə enməsi xaosdan çıxış üçün xarici əlaqələrdən istifadə potensialını zəiflətmişdi.
Ən təhlükəlisi isə ölkənin daxilindəki xaos mənbələri idi. Daxili siyasi qarşıdurma tərəfləri kortəbii olaraq bir-birinə qarşı ən təhlükəli metoddan – hərbi məğlubəyyətdən siyasi dividend götürmək metodundan istifadə edirdilər. Hərbi qələbə və məğlubiyyət bütövlükdə milli təhlükəsizlik məsələsi deyil, partiya marağı prizmasından baxılaraq tərəflərin hakimiyyətdə möhkəmlənmək vasitəsi, yaxud da hakimiyyəti devirməyin tutarlı səbəbi kimi dəyərləndirilirdi. 1993-1995-ci illər ərzində Prezident Heydər Əliyev əvvəl daxili xaosun episentrlərini ləğv etdi. Bu, Ermənistan ordusuna qarşı uğurlu Horadiz əməliyyatından sonra aktiv müharibəni dayandırmağa imkan verdi. 1995-ci ildə daxili xaosun əsas mənbələri tamamilə donduruldu.
Uzaqgörən siyasətçi Gürcüstanda da sabitliyə dəstək verirdi və nəticədə Azərbaycan iqtisadiyyatı ticarət və nəqliyyat nəfəsliyi qazandı. İranla ticarət intensivləşdi, Naxçıvana çıxış təmin edildi və B.Yeltsinin tətbiq etdiyi nəqliyyat blokadasının mənfi təsirləri nisbətən azaldı.
Prezident İlham Əliyev 2003-2005-ci illərdə hakimiyyətin təhlükəsiz və sabit transformasiyasını, daxili siyasi sabitliyin qalıcılığını təmin etdi. 2008-ci ildə Rusiya-Gürcüstan müharibəsi zamanı Azərbaycanın və neft kəmərinin təhlükəsizliyinə nail oldu. Ölkəni 2009-2011-ci illərin qlobal böhranı və onun 2016-cı ilədək olan mənfi təsirlərinin məngənəsindən çıxara bildi. Azərbaycanı bir çox ölkələri daxili dağıntılara məruz qoymuş “rəngli inqlablar” dalğasından qorudu. Müstəqilliyin əsas dayağı olan iqtisadi güc yaratdı. Ermənistanın hərbi təcavüzünün genişlənməsinin qarşısını almaq üçün hərbi qüvvələr nisbətini öz xeyrinə dəyişdi və nəhayət, 44 günlük müharibədə Azərbaycanı ən böyük xaos mənbəyindən xilas etdi.
5. Qapalı regionda açıq ölkə