Son bir həftədə iki rayonun başçısı - may ayının 31-də Qusarın başçısı Şair Balaşərif oğlu Alxasov, iyunun 6-da isə Beyləqanın başçısı Asif Əzizağa oğlu Ağayev - vəzifəsindən azad edilib. Mediada yayılan məlumatda bildirilirdi ki, Ş.Alxasov Qusarda meşə ərazisini qanunsuz olaraq ayrı-ayrı şəxslərə satıb. A.Ağayevin isə hansı səbəbdən işdən çıxarıldığı barədə hələlik dəqiq məlumat yoxdur.
Bu barədə əməkdar jurnalist Azər Ayxan qeyd edib.
Əməkdar jurnalist “Bəs son işdən çıxarılmalar nə ilə bağlı ola bilər? Yaxud sualı belə qoyaq: indən sonra daha hansı icra başçıları vəzifələri ilə sağollaşacaq” sualına cavab verməyə çalışıb:
“İşinin öhdəsindən gələ bilməyən rayon-şəhər başçıları var. Onların əl-ayağını yığmaq, işlərində müsbətə doğru dönüş yaratmaq mümkün olmadıqca işdən çıxarılırlar.
Dövlətin istədiyi də budur ki, yerli məmurlar, əsasən də İH başçıları vətəndaşın xidmətçisi funksiyasını qüsursuz yerinə yetirsin. Yerlərdə bu cür məmurlar sayəsində vətəndaşın dövlətə münasibəti formalaşır”.
A.Ayxanın sözlərinə görə, son illər yalnız kadr islahatları aparılmır:
“İdarəçilikdə də islahatlar gedir. Prezidentin xüsusi nümayəndəlikləri buna misaldır. Paralel idarəçilik isə bəzi obyektiv səbəblərdən hələ də qalır. Amma yaxın dövrlərdə radikal islahatlara keçid istisna edilmir.
Prezident İlham Əliyev dəfələrlə deyib ki, müharibə bitdi, ərazi bütövlüyü bərpa edildi, separatizmə son qoyuldu, indi millətə və dövlətə daha keyfiyyətli xidmət zamanıdır. Bu işdə hansı məmur sabotaj edəcək, yarıtmaz fəaliyyət göstərəcək, qanun qarşısında cavab verəcək.
İşğaldan azad edilmiş kənd və şəhərlər yenidən bərpa edilir. Quruculuq işləri, Böyük Qayıdış Proqramı həyata keçirilir. Bu həm də Azərbaycanın sabahının layihəsidir. Prezident İlham Əliyev müharibədən sonrakı mərhələyə start verib. Bu gün ara-sıra rast gəlinən işdən çıxarılmalar bir azdan kütləvi hal alacaq. Hakimiyyətin bütün qollarında inqilabi yeniliklərə şahidlik edəcəyik”.