Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğın Nəzarəti Xidməti səlahiyyətlərinə uyğun olaraq, ölkədə yanğın təhlükəsizliyinin təmin edilməsi istiqamətində müvafiq tədbirlərin görülməsini davam etdirir.
Bu barədə FHN-in mətbuat xidməti rəsmi məlumat yayıb
Məlumatda bildilir: Dövlət Yanğın Nəzarəti Xidmətinin əməkdaşları meşələrdə və meşəətrafı sahələrdə apardıqları monitorinqlər zamanı Qax rayonu meşəbəyliyinin ərazisində qeyri-qanuni yolla ağac kömürü istehsal edən iki ocaqxana aşkar edib.
Qanunsuz fəaliyyətlə məşğul olan bəzi işbazlar tərəfindən kustar üsülla düzəldilmiş, heç bir yanğın təhlükəsizliyi qaydalarına cavab verməyən ocaqxanaların meşə ərazisində istismar edilməsi baş verə biləcək yanğının qısa zamanda geniş əraziyə yayılmasına, eləcə də təbiətə, insan həyatı və sağlamlığına təhlükə riskinin artmasına münbit zəmin yaradır.
Yuxarıda qeyd olunanları nəzərə alaraq, yanğın təhlükəsizliyinin təmin edilməsi məqsədilə “Azərbaycan Respublikası meşələrində yanğın təhlükəsizliyi Qaydaları"nın 2.1.1-ci maddəsinin tələbinə zidd olaraq meşə sahələrində ağac kömürü istehsal etmək üçün xüsusi ocaqxanalar təşkil etmiş şəxslər barəsində FHN-in Dövlət Yanğın Nəzarəti Xidmətində inzibati iş açılaraq fakt rəsmiləşdirilib və qanunvericiliklə nəzərdə tutulmuş qaydada müvafiq tədbirlərin görülməsi üçün aidiyyəti dövlət qurumlarına rəsmi müraciətlər edilib.
BƏS REALLIQDA NƏ BAŞ VERİB?
FHN-nin bu rəsmi məlumatından sonra Qax rayonun Ləkit kəndindən İFADETV.AZ saytına bildirilmişdir ki, Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğın Nəzarəti Xidmətinin Şimal-Qərb Regional İdarəsinin Namazov Rəsul adlı bir inspektoru monitorinq adı altında bütün rayonlardakı kəndlərdə gəzib dolaşır. Dünən də bizim kəndə gəlib iki “kömür quyusu görüb. Və camaata elan edib ki, qanuna görə mən hər quyuya görə 800 manat cərimə yazmalıyam. Amma yazmaya da bilərəm. Rəsul bildirmişdir ki, əgər bu cərimənin yarısını, yəni 400 manatını nağd formada mənə versəniz heçnə olmamış kimi çıxıb gedərəm. Yəni, işinizdə olun. Ləkit sakinlərindən heç kəs ona 400 manat vermədi. Ona görə də FHN-nin işçisi hesab edilən Namazov Rəsul tapdığı kömür quyusunu videoya çəkdi və akt bağladı rəsmiləşdirdi ki, mən gərək nazirliyə rəsmi məlumat verim ki, sizləri cəzalandıraq. Bəli, o Mahir Əhmədovun adına akt bağlayıb 800 manat cəriməni də sənədləşdirib getdi ki, yerdə qalan kənd camaatına da dərs olsun. Amma yerli sakinlər onu da qeyd edirlər ki, istər Qax, istər Şəki, Oğuzda kömür işinə baxanlar adətən yerli Ekologiya İdarəsinin işçilərinə hər quyu üçün aylıq 30 manat “rüsum” ödəyirlər. Bu FHN-nin işçisinin birdən birə ortalığa çıxması və sakinlərə qiymət oxuması heç düzgün deyil, “Axı bir qoyunda iki dəri çıxmaz” deyiblər.
İFADETV.COM
P.S. Yaxşı olardı ki, FHN-nin bu Rəsul Namazovu Oğuz rayonun Tayıflı və Yemşənli kəndlərinə, Qəbələ rayonun Salunçax kəndinə bir axşamlar 20 dəqiqə baş çəkərdi. O zaman axşam tərəfi qanunsuz istifadə edilən və aylıq 30 manat “haqqa otuzdurulan” yüzlərlə kömür quyularının tüstülərinin kəndə çökməsindən nəfəs ala bilərmi? Bilərsə, getsin monitorinqini davam etdirsin. Bəlkə oralarda 400 manata razı olan tapıldı. Haydı