Və yaxud, cənab hakim "MEŞƏ QULDURLArı"NI TƏBRİK ETMƏK OLARMI?
Xəbvər verdiyimiz kimi, DİN-nin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən 2020-ci ilin martın 14-də başda Ekologiya və Təbii Sərvətlər Nazirliyi Qəbələ Regional Meşə Təsərrüfatı Mərkəzinin direktoru olmaqla bir qrup işçisinin həbs olunması geniş ictimaiyyət arasında böyük rezonans doğurmuşdu. Qəbələ Regional Meşə Təsərrüfatı Mərkəzinin tabeliyindəki meşələrin kütləvi şəkildə qırılması faktı ilə başlanılmış cinayət işinin istintaqı başa çatdıqdan sonra təqsirləndirilənlər Şəki Ağır Cinayətlər Məhkəməsi tərəfindən 2021-ci ilin avqustun 30-da gecə saat 22-00 radələrində geniş ictimaiyyətə açıqlanmadan məhkəmə zalından azadlığa buraxılmışdı.
Xatırladaq ki, 14 mart 2020-ci ildə həbs olunmuş Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Qəbələ Regional Meşə Təsərrüfatı Mərkəzinin direktoru İlqar Qəribov və onun rəhbərlik etdiyi mütəşəkkil dəstə üzvlərinin, mərkəzin baş mühasibi Sirac Kərimov, baş meşəbəyi İlqar Cəlalov, həmçinin idarənin məsul əməkdaşları Eyvaz Əliyev və Bakıxan Seyidəliyevin törətdikləri cinayət işləri üzrə Cinayət Məcəlləsinin 259.3-cü (qanunsuz ağac kəsmə), 308-ci (vəzifə səlahiyyətlərini aşma), 314-cü ( səhlənkarlıq, yəni vəzifəli şəxsin işə vicdansız və ya laqeyd münasibəti nəticəsində öz xidməti vəzifəsini yerinə yetirməməsi və ya lazımi qaydada yerinə yetirməməs) və 311.3.3-cü (rüşvət alma, külli miqdarda törədildikdə) maddələri üzrə təqsirli bilinmişlər.
Qeyd edək ki, son dövrlər CM-nin yuxarıda göstərdiyimiz maddələri ilə həbs olunmuş dövlət məmurları çox olublar. Bəli, dövlət məmurlarının hamısı Cinayət Məcəlləsinin demək olar, eyni maddələri ilə ittiham olunsalar da, yəni hamısı vəzifə səlahiyyətlərini aşaraq külli miqdarda dövlət vəsaitlərini mənimsəsələr də bunlardan yalnız İlqar Qəribov və dəstəsi azdlığa çıxa bilmişdir. Yəni bu da Azərbaycan məhkəmə tarixində ilk hadisə olmuşdur.
Əldə etdiyimiz məlumata görə məhkəmə prosesi zamanı dövlət ittihamçısı hakim Rafail Əliyevdən İlqar Qəribov və onun dəstə üzvlərinə ayrı-ayrılıqda 7 ildən 9 ilədək azadlıqdan məhrum etmə cəzası istəyib. Lakin nə baş verib. İclasa sədrlik edən hakim, may ayında Şəki Ağır Cinayətlər Məhkəməsinin sədri təyin edilmiş Rafail Əliyev bilərəkdən prosesi uzadır və qərar vermək üçün müşavirəyə gedib iki saatdan sonra qayıdır. Dövlət ittihamçısısnın istəyinin əksinə olaraq İlqar Qəribov və onun dəstə üzvlərini məhkəmə zalından azadlığa buraxlması barədə Azərbaycan Respublikası adından hökmü elan edir.
Şəki Apellyasiya Məhkəməsinə protes vermiş dövlət ittihamçısı yenə pis vəziyyətə düşdü. 2021-ci ilin noyabrın 3-də yekunlaşan tezbazar prosesə sədrlik edən hakim Eyvazov Akif də heç bir ciddi araşdırma aparmadan dərhal hökumü qüvvəsində saxlamışdır. Yenə də dövlət ittihamçısı Ali Məhkəməyə protest vermişdir. 2022-ci ildə Ali Məhkəmədə baş tutan məhkəmə çəkişməsində protest qismən təmin edilmiş və yenidən baxılması üçün Şəki Apellyasiya məhkəməsinə göndərilmişdir.
İş hazırda Şəki Apellyasiya Məhkəməsinə 2022-ci ilin noyabrından sədrlik edən hakim Mahir Əsədlinin icraatındadır və CM-nin 308-314 və 311.1-ci maddələri üzrə dekabrın 15-dən başlanan məhkəmə iclaslarında bu günə qədər 5 dəfə araşdırmalar aparılmışdır. Növbəti və sonuncu məhkəmə proses i 6 dekabr 2023-cü il, saat 11-ə təyin edilmişdir. Xatırladaq ki, hakim Mahir Əsədli də vaxtilə yəni 2021-ci ilin noyabrın 3-də hakim Rəfael Əliyevin əsassız hökmünü qüvvədə saxlanması üçün prosesə sədrlik edən hakim Akif Eyvazovun sağ tərəfində oturmuşdur. Və hazırda da eyni tərəflər, eyni məzmun olan "Akula İlqar" işi kimi tanınan bir məhkəmə prosesinə vaxtilə ədalətsiz yanaşma sərgiləmişdir. İndi də bəlli olduğu kimi cənab Mahir Əsədli İlqar Qəribov dəstəsinin bəraət alması üçün prosesə 1 ilə yaxındır ki, rəhbərlik edir. Sonuncu proses noyabrın 4-də baş tutan zaman cənab hakim tapşırmışdır ki, gedin lazım olan sənədləri təşkil edin və istədiyiniz qərarı ondan sonra verək. Bəli, hakimlə "meşə quldurlar" arasında anlaşma baş tutacaqmı? bunu dekabrın 6-da keçiriləcək məhkəmə prosesində şahidlik etmək mümkün olacaqdır.
Bu DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarəzi İdarəsinin bir il dörd ay əvvəl geniş ictimaiyyət tərəfindən rəğbətlə qarşılanmış səsli-küylü əməliyyatını bir qərarla heçə endirilməsi demək deyilmi? Bəs İlqar Qəribovun üzərinə və xidməti iş otağına baxış zamanı onun qanunsuz ağac kəsimindən əldə etdiyi külli miqdarda pul vəsaitləri və digər aşkar olunaraq götürülmüş maddi sübutlar necə? İlqar Qəribovun dövlətə vurduğu ziyan ödətdirildimi? Mənimsəmə və vəzifə səlahiyyətlərini aşma maddələri ilə ittiham olunmuş digər sabiq məmurlardan fərqli olaraq İlqar Qəribov ölkənin meşə fonduna külli miqdarda ziyan vurub. Bu ziyanın ödətdirilməsi isə əmlakla, pulla deyil, ən ağır cəza ilə yekunlaşmalı idi. Amma İlqar Qəribov azadlığa çıxdıqdan və dekabrın 6-da alacağı bəraətdən sonra öz sevimli işinə qayıtdıqdan, son 3 ildə dövlət büdcəsindən ona ödənilməsi nəzərdə tutulan əməkhaqları pullarını babnkdan götürdükdən sonra Baş Prokurorluğun və DİN-nin Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin birlikdə keçirdikləri və ifşa etdikləri İlqar Qəribov dəstəsindən rəsmi üzr istəmələri reallaşacaqmı? Və yaxud, Şəki Apellyasiya məhkəməsinin ədalətsiz hakimlərinin əsassız hökm və qərarlarından sonra Azərbaycan Respublikasının Baş Prkuroluğu və Daxili İşlər Nazirliyi hansı məsuliyyəti daşıyacaqdır? Bax bunu yaxın zaman göstərəcəkdir. Belə çıxır ki, demokratiya Azərbaycanda tam və qəti "qələbə" çalıb, amma bizim xəbərimiz yoxdur. ?!
Prosesləri diqqətlə izləyirik. Şəki Apellyasiya Məhkəməsində bu dəfə hakim Mahir Əsədlinin də ədalətli qərar qəbul edəcəyinə ümidimiz yoxdur. Mövzuya daha ətraflı bir daha qayıdacağıq. Bizi mütləq izləyin.
İfadetv.com-un araşdırma qrupu