Və yaxud, meşə quldurlarının başında kim durur?
Bu ilin martın 13-də yerli mənbələrdən aldığımız məlumat üzrə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin İsmayıllı Regional Meşə Təsərrüfatı Mərkəzinin İsmayıllı rayonun Talıstan meşəbəyliyinin 2 saylı dolayında müstəqil monitorinq apardıq. Məlum oldu ki, bu meşə dolayında 5 gündən 3 ay əvvələ qədər qiymətli meşə cinsli ağacların- palıd, vıstıq və vələs növlərin qanunsuz kütləvi kəsintiləri aparılmış və təbiətə külli miqdarda ziyan dəymişdir. Belə ki, əvvəlcə kəsilmiş ağac kötükləri üzərində heç bir qeydiyyat ( damqalama işləri ) aparılmamışdır. Bu da onu təsdiq edir ki, 2 saylı dolayın meşə gözətçisi olmuş Sərdarov Səxavət Ədalət oğlu qoruduğu meşə ərazisində baş vermiş cinayətlər barəsində aidiyyatı üzrə heç bir məlumat verməmişdir. Doğrudur, kəsilən iri diametrli qiymətli ağacların çox hissəsi payız aylarına təsadüf etsə də, müəyyən hissəsinin isə 5 gün əvvəl kəsildiyi, libyotka mexanizmi ilə dartılaraq düzən sahəyə çıxarıldığı, çoxunun isə yerindəcə 60 sm uzunluğunda doğranaraq QAZ 66 yük avtomobili ilə daşınmasının şahidi olduq. Məlum olur ki, qiymətli meşə cinsli ağaclar əvvəlcədən verilən sifariş əsasında işlik material kimi seçilərək taxta yeşiklərin istehsalı üçün sexlərə daşınmışdır.
ETSN Dövlət Ekoloji Təhlükəsizlik Agentliyinin və İsmayıllı Regional Meşə Təsərrüfatı Mərkəzinin şəxsi heyətinin Talıstan meşəbəyliyinin 2 saylı dolayında baş vermiş kütləvi ağac qırıntısı faktlarından xəbərsiz olmaları çox şübhəli görünür.
Dəfələrlə Azərbaycanın müxtəlif regionlarında baş verən və verməkdə davam edən kütləvi ağac kəsintilərinin qarşısının alınması barədə yuxarı orqanlara və ETSN rəhbərliyinə dəflərlə faktlar üzrə etdiyimiz müraciətlər təəəssüflər olsun ki, hələ də cavabsız qalmaqdadır. Bu da əlahəzrət növbəti fakt. İndi söz, ETSN-nin meşələr üzrə kuratoru cənab nazir müavini Kərimov Vüqarındır. Buyursun faktla bağlı arayış versin, biz də bilək ki, nə baş verir.
Araşdırmaçı jurnalist Məmməd Əhmədoğlu