Bir vaxtlar müstəqil dövlət strukturu olan Torpaq və Xəritəçəkmə Komitəsi kimi adıçəkilən bu qurumların da ləğvi gündəmə gəldi və reallaşdı. Hesab etmək olar ki, “Azəravtoyol” ( indiki AAYDA) ASC-nin də ayrılıqda fəaliyyəti mənasızdır. Azərbaycanda ümumiyyətlə, Açıq Səhmdar Cəmiyyətlərinin fəaliyyəti heç də ürəkaçan deyil. Bu qurumları daha çox pulsilən dəzgahlara bənzətmək olar. Onlara rəhbərlik edən şəxslərin əksəriyyəti tenderlərdə pul udur, maxinasiyalara yol verir, büdcə pullarını çırpışdırır. Bu ASC-lərə ötən 10-12 il ərzində həm dövlət büdcəsindən, həm xarici kreditlər hesabına milyardlarla dollar investisiya yönəldilsə də, əsasən pis menecment ucbatından onların maliyyə səmərəliliyi çox aşağıdır. Bu ASC-lərin dövlət büdcəsi qarşısında milyardlarla manat vergi borcları yığılıb qalıb. Xatırladaq ki, prezident sərəncamı ilə “Azəravtoyol”a ayrı-ayrı rayonlarda çəkiləcək yolların tikintisi üçün ayrılan vəsaitə Saleh Məmmədov özünə yaxın MMC-ləri də ortaq edir. “Azəravtoyol”un tabeliyində demək olar ki, hər rayonda yol-istismar idarələri olsa da, bu idarələr bir kənarda saxlanılır, əvəzində isə böyük maliyyə imkanlarına sahib olan şəxslərin nəzarətindəki MMC-lər respublikadaxili strateji yolların tikintisinə cəlb olunurlar. Amma həmin MMC-lərin çoxunun nə yol tikintisində təcürbəsi var, nə də müvafiq texnikaları. Texnikaların çoxu icarəyə götürülərək, layihədə istifadə olunur ki, bu da əlavə vəsait sərfiyyatı deməkdir. Bu isə büdcə pullarının yayındırılmasına imkan yaratmaqla yanaşı işin keyfiyyətinə də mənfi təsir edir. Məsələn, məlumatlı şəxs deyib ki, Saleh Məmmədov vaxtilə yaxın dostu olmuş Zahid Nuriyevi “17 saylı Xüsusi Təyinatlı Yol İstismar İdarəsi” MMC-yə neçə illər öncə müdir təyin etmişdi. Bu MMC ilə pullar silinib. Belə pul silinmələri zamanı cənab Z.Nuriyev o qədər ağ etdi ki, axırda S.Məmmədov onu 2021-ci ilin martında tutduğu vəzifəsindən azad etmək zorunda qaldı. Doğrudur, həmin vaxt vəzifədən azad edilən tək Zahid Nuriyev deyildi. Onunla yanaşı Vəzifəsindən azad olunan şəxslər arasında Samux rayon yol istismar idarəsinin rəisi Zakir Quliyev, 8 saylı Xüsusi Təyinatlı Yol İstismarı MMC-nin direktoru Əliheybət Şirinov da vardı.
Bəs sonra nələr baş Verdi?
O baş verdi ki, cənab S.Məmmədov əziz dostlarını vəzifədən azad etsə də, onların əvəzinə oğullarını və yaxınlarını yenə bu vəzifələrə təyin etdi. Məsələn, Z.Nuriyevin yerinə oğlu Vüqar Nuriyev “17 saylı Xüsusi Təyinatlı Yol İstismar İdarəsi” MMC-yə rəis təyin etdi. Yəni, şahmatda olduğu kimi, “qalaqurma” etdi.
Z.Niyevin vəzifədən azad etməsinə isə səbəblər və şikayətlər çox idi. Məsələn, 5 il əvvəl Cəlilabadda çəkdiyi yol hazırda tamamilə yoxa çıxıb desək , yəqin ki, yanılmarıq. Çünki, Cəlilabad rayonunda torpaq bərk suxurlu yox, yumşaq torpaqdan ibarətdir. Z.Nuriyev də, yol işindən elementar anlayışı olmadığı üçün yol yatağının laylarını, bərk cisimdən, yuyulmuş və doğranmış çınqıl və şeben materialından və üst qatın narın qum təbəqəsi səpmədən birbaşa yumşaq torpaq üzərinə iki qat asphalt səpməklə işini bitmiş hesab etmişdir. Bu gün nəticə göz qabağındadır. Yerli sakinlər yenə asphalt yola həsrətdirlər. Digər fakt ondan ibarətdir ki, Bakının “Koroğlu” dairəsindən üzü “Sabunçu” dairəsinə gedən 3 km-lik, eni 74 m olan hissədə 3 il öncə apardığı yeni asphalt hissəsi də bu gün demək olar ki, yarasız vəziyyətə düşməkdədir. Baxmayaraq ki, Aeroport yolu kimi tanınan və 15 ildir ki, istifadəyə verilən 14 km-lik yol yenə yaxşı vəziyyətdə qalmaqdadır. Z.Nuriyev Bakı şəhəri üzrə balansında olan yolların saxlanmasına və təmirinə baxmaq əvəzinə, ayrılan investisiyanı öz bildiyi yolların çəkilişinə və ehtiyac olmayan yerlərin təmirinə sərf etməklə, əslində “pulsilmə” əməliyyatını uğurla həyata keçirmişdir. Hal hazırda da vaxtilə polis sistemində işləyən oğlunu “17 saylı Xüsusi Təyinatlı Yol İstismar İdarəsi” MMC-yə rəis təyin etdirsə də, faktiki rəisliyi özü etməkdədir.
Nəticədə Zahid Nuriyev özünə Novxanıda villalara, Corat qəsəbəsində dəbdəbəli otelə, Nərimanov rayonun Əhməd Rəcəbli küçəsində çoxsaylı milyonluq mülklərə sotu 250-300 min manata olan ərazidə də altı mağaza, üstü otel olan böyük obyekt tikdirib icarəyə verib. Kürəkəni ilə oğlu son model 300 seriyalı Galenvagen” və “Range rover” markalı bahalı avtomobilləri sürürlər. İdarə maşınının sürücüsü Qəhrəman da rəhbərin ailəsinə xidmət edir. Zahid özünə və Suraxanı Yol İstismar İdarəsində rəis işləyən kürəkəni Müşfiqə Maştağa yolunun üstündəki “Savalan” yaşayış massivində yanaşı ikimərtəbəli villalar tikdirib. Və bildirilir ki, bütün bu cah-cəlal asfaltın keyfiyyətindən oğurlanan vəsait hesabınadır. Yerdən qaşınan frezi xammal kimi təzə adıyla asfalt yerinə döşəyirlər.
Mənbənin verdiyi məlumata görə Zahid PORT-BAKU yaşayış massivində bir binanın bir mərtəbəsini, Neftçilər metrosunda bir neçə mənzil, Suraxanı rayonunda bir neçə mənzilə sahib olub. Türkiyədə də biznes qurmağı bacarıb.
P.S. Əgər yol təsərrüfatı sisteminin Zahid Nuriyev kimi ortabab mənsubunun bunca böyük sərvəti varsa və qohumbazlığı, yerlibazlığı üçün “yaşıl işıq” yandırılıbsa, görün indi AAYDA rəhbəri Saleh Məmmədovun nələri var, onun qohumları sistemdə hansı yağlı vəzifələrə yerləşdiriliblər! Hərçənd, bu, ayrıca söhbətin mövzusudur.
Gələn saylarımızda mövzunu davam etdirəcəyik.
İfadetv.com olaraq məqalədə qaldırılan iddialarla bağlı adları çəkilən şəxs və qurumların mövqeyini işıqlandırmağa hazırıq!